Dünya Karate Federasiyası (WKF) ötən həftəsonu Madriddə Karate1 Premyer Liqa turnirinin nəticələrindən sonra ənənvi "Grand Winners" mükafatının sahiblərini elan edib.

BAKU.WS xəbər verir ki, hər kateqoriyadan ən yüksək nəticə göstərən idmançılar arasında dünya şöhrətli Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və Irina Zaretska (-68 kq) da var.

Son dünya çempionu və olimpiya reytinqinin lideri İ.Zaretska bir-birinin ardınca Tokio, Moskva və Madrid mərhələsində qələbəsi, eləcə də Dubay Premyer Liqasında, İstanbulda Seriya A turnirində və Minskdə Avropa Oyunlarında gümüş medalları ilə ikinci dəfədir ki, "Böyük qaliblər" mükafatına sahib olur. "Yaxşıların yaxşısı" titulunu 2 il əvvəl də qazanan idmançımız gələn mövsüm xüsusi qızılı saplarla işarələnmiş karateqi geyimi ilə tatamiyə çıxacaq.

Beş qat Dünya və on iki dəfə Avropa çümpionu Rafael Ağayev isə dalbadal ikinci ildir ki, "Grand Winners" mükafatnı qazanır. Tanınmış karateçimiz bu mövsümdə Premyer Liqa yarışlarından Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda isə bürünc mükafata sahib olub. Bundan başqa R.Ağayev İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş müküfatçısı olub.

Mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatının digər sahiblərinə gəlincə, qadınlar arasında Sandra Sançes (kata, İspaniya), Serap Özçelik (-50 kq, Türkiyə), Anjelika Terlyuqa (-55 kq, Ukrayna), Syoyan İn (-61 kq, Çin) və Ayumi Uyekusa (+68 kq, Yaponiya), həmçinin kişilərdən Rio Kyuna (kata, Yaponiya), Darxan Assadilov (-60 kq, Qazaxıstan), Stiven Dakosta (-67 kq, Fransa), Uğur Aktaş (-84 kq, Türkiyə) və Sacad Ganczadə (+84 kq, İran) var.

Fərqlənən karateçilərə mükafatlar 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.